Tanrıdan Tanrıya yol gedən şair

Şair Ədalət Əsgəroğlunun poeziyası haqqında

Şairlər şeir yazır. Yaxşı şeiri oxucu susuzluğa təşnə olduğu vaxt göz yaşı kimi dumduru bulaq suyunu birnəfəsə içdiyi kimi içir. Belə şeirlər şairə Haqdan vəhy kimi göndərilir. Həqiqi Söz adamı Haqq adamı, Haqq aşiqi olduğu üçün onun ürəyindən su içən şeirlər də ürəklərə asanlıqla yol tapır, öz oxucusuna asanlıqla qovuşur, dillərdə əzbər olur. Məsələ burasındadır ki, kitab bumu, “şair” bolluğu baş alıb gedən indiki məqamda həqiqi Haqq aşiqi, həqiqi şair tapmaq çox çətindir…

Şəmsəddin Məhəmməd Lahıci görkəmli mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-raz” əsərinə yazdığı şərhdə Haqq yolunun yolçuları, qəlbi irfan işığının hərarəti ilə qızınan insanlar haqda deyir: “Haqq yolçusunun məcazi varlığı və bütün kəsrət aləmi substansiyasının təcəlli nurunda büsbütün məhv olur. Bu hal cəm adlanır, çünki bütün çoxluq nişanələri təcəlli nurunda bir olur, vəhdət zamanı başqa şeylər və kəsrət fani sayılır. Hər bir şeyə həyat verən və ona qəyyum olan Allahdır. Bu vəziyyətdə Haqq yolçusunun dediyi sözlər Haqqdan gəlir, çünki onun öz varlığı yol sayılır…”

Həqiqətən də nə qədər yad ədəbi cərəyanların təsiri altına düşsək də, Uca Tanrıya, Haqqa tapınan bir şairin qəlbindən qopan irfan işığı – məhrəm, doğma misralardan yaranan şairlər bizi özümüzə qaytarır və özümüzdən asılı olmayaraq həmin irfan işığının pərvanəsinə çevrilirik…

Həmin irfan əhlindən biri də şair Ədalət Əsgəroğludur…

Yazdığını pozmaz Tanrım,

Tikanını gül eyləməz…

İlmə-ilmə könül tikər,

Kətanını tül eyləməz.

Dağlanıb daşdana ahım,

Qəmkeş olub sına şaxım,

Yenə odur qibləgahım,

Yandırırsa kül eyləməz.

Əsgəroğlu, aç düyünü,

Gör Mövlamın gördüyünü,

Yoxsa sənin beş gününü

Qaraldar, bir gün eyləməz.

Ədalət Əsgəroğlunun yaradıcılığının əsasını təşkil edən təsəvvür poeziyası bu şeirdə poetik əhval-ruhiyyənin ən uğurlu ifadəsi kimi öz əksini tapıb. Tanrının yazısına pozu olmadığı yalnız Haqqa tapınan Haqq şairlərinin qəlbindən su içərək misralara bu cür çevrilə bilər.

XXI əsr təsəvvüf fəlsəfi, çağdaş irfan şeiri dedikdə ağlımıza ilk olaraq “Ədalət Əsgəroğlu” imzası gəlməsi təsadüfi deyil. Poeziyanın bu qolu onun şair ruhuna daha yaxındır – bu isə saflıqla, ruhən təmizliklə ülviyyətin, nəcibliyin vəhdəti deməkdir…

Gül kimi açılan könül,

Hüsnünü gülşən bilmişəm.

Eşqin gümüş aynasını

Şirin cana tən bilmişəm.

Əhdinə sadiq paşasan,

Rüzgar ilə baş-başasan,

Dəmir daşa, daş-daşasan,

Nə çəkmisən, mən bilmişəm.

Xoş halında Əsgəroğlum,

Divan qurmuş sağım, solum,

Olumların şahı ölüm!

Şükür ki, kimsən, bilmişəm.

“Olumların şahı ölüm”… Mövlana Cəlaləddin Rumini xatırlayaq: “Mərhəmət və şəfqətdə günəş kimi ol!”, “Ya olduğun kimi görün, ya göründüyün kimi ol!”

“Ol” – həyatın fəlsəfəsidir, “Ol” – Rumidən başlayan yolun Ədalət Əsgəroğlu adında yolçusu olmasıdır, “Ol” – yoldur. Tanrıdan başlayıb Tanrıya qayıdan yol!..

“Olum”u “həyat” anlayışının sinoniminə çevirən isə… Ədalət Əsgəroğlunun “şah” tituluna “layiq gördüyü” “ölüm”dür. Həqiqətən hər bir başlanğıcın bir sonu olduğu kimi, “olum”un da sonu “ölüm”dür… Ədalət Əsgəroğlunun poetik təfəkkürünün süzgəcindən “ölüm” bu misrada oxucunu fatalizmə sürükləmir, əksinə, özünün “olacaq”, yəni barışmalı olduğumuz alın yazısı olduğunu təsdiqləyir. Daha dəqiq ifadə edək: “Olacağa çarə yoxdur…”

Ağam, bilsən nələr oldu,

Bir sevdaya düşdüm, şükür!

Gerçəklə

rə könül verdim,

çalxalandı eşqim, şükür!

Bəndə olub sayıldıqca,

Pünhan qalıb bayıldıqca…

Dirilikdən ayıldıqca

çox qovruldum, bişdim, şükür!

Əsgəroğlu, haqqa sarı,

Olum cocuq, ölüm qarı…

Rüzgar verən acıları

Şərbət kimi içdim, şükür!

“Dirilikdən ayrıldıqca” və “olum cocuq”, ölüm qarı” təsəvvür fəlsəfəsində təcəlli tapan poetik tapıntılar, yeni deyim tərzləridir. Dirilikdən ayrılmaq da elə “olum”dur, özünəqayıdışdır, bəlkə də yeni, ikinci bir həyat, ikinci yaranışdır… “ölum” – ilk körpə nəfəsi, “ölüm” – insanın son nəfəsidir… Qafiyələrin tələbinə uyğun olumun cocuğa, ölümün qoca qarıya bənzədilməsi şairin istedadının göstəricisidir.

Mən gedirəm, Allah bilir,

Bir də nə vaxt qayıdacam.

Susmaz könlüm bu eşq ilə,

Demə, nahaq qayıdacam.

Umud gəlir axın-axın,

Sinəm güldü, yarın, baxın.

Bəlkə sabahdan da yaxın,

Bəlkə sabah qayıdacam.

Əsgəroğlu, gəz bu halnan,

öl ölənnən, qal qalannan,

Qoy sözünü kəsim balnan,

Nəymiş günah, qayıdacam.

Ümumiyyətlə, şairlik tək istedadla bitmir. Şairin həyat haqqında təsəvvürləri mütaliəsi geniş olmaqla yanaşı, o, həm də şeirin texnologiyasını mükəmməl bilməlidir. Ədalət Əsgəroğlunun şeirləri bu baxımdan səciyyəvidir. Onun heca vəznində yazdığı şeirlər poetik tapıntılarla, fəlsəfi fikirlərlə, yeni orijinal və özünəməxsus deyim tərzi ilə zəngin olmaqla yanaşı, şeirin tələbatına da cavab verir. Şair qəlbindən keçənləri, demək istədiklərini heca vəzninin qəlibindən kənara çıxmamaqla çox mükəmməl şəkildə ifadə edə bilir. İstər çarpaz qafiyəli şeirləri, istər qoşma və gəraylıları, istərsə də sərbəst şeirləri, həm də dil sadəliyi milli ruhu özündə əks etdirmək xüsusiyyəti ilə oxucu qəlbinə asanlıqla yol tapır.

Naşılar duymaz halımı,

Bilməz, bağrı qan olmuşam.

Yardan necə yarıdım ki,

İndi yarıcan olmuşam.

Durna telləri dəstədi,

Yahuları göz üstədi,

Canım məndən can istədi,

Verməmişəm, xam olmuşam.

Əsgəroğlu, dərdin bölməz,

Sevinc bölüb, özün öyməz.

özü gedər, sözü ölməz…

Şükür, əhdi-kam olmuşam.

Təsəvvür şeirlərinin gözəlliyi ondadır ki, bu şeirləri oxuduqca ilahi bir sehrə düşdüyünü hiss edir, paklığa, saflığa çağırış notlarını duyur və sanki bu möcüzənin cazibəsindən ayrılmaq istəmirsən… Bu şeirin ilk bəndinin 3-cü və 4-cü misraları misradaxili cinasdır. Ə.Əsgəroğlunun klassik poeziyamızın ənənələrinə söylənən şeirlərinin bədii gözəlliyini bir az da poetik çalarlarla zənginləşdirən çağdaş poeziyamızdan bəhrələnmək məharətidir. Onun şeirləri xalq ruhundan, xalq danışıq dilindən, folklorumuzdan, klassik və müasir poeziyamızın zəngin təcrübəsindən bəhrələnərək orijinal bir poeziya nümunəsinə çevrilir. Misradaxili cinaslardan məharətlə istifadə etmək bacarığını şair, yuxarıda göstərdiyimiz şeirdə sübuta yetirir. Bu şeir klassika ilə müasirliyin vəhdəti kimi Ə.Əsgəroğlu yaradıcılığının rəngarəngliyini göstərir.

Gələk, nara həsr olunan şeirə…

Ədalət Əsgəroğlu Azəraycanın barlı-bəhrəli, narı ilə məşhur olan Göyçay rayonunda dünyaya göz açıb. Bəlkə də doğma torpağın qüdrətindəndir ki, o, haqqında söhbət açdığım şeiri böyük bir zövqlə, poetik ovqatla qələmə alıb…

Görünməyən hallar üstən,

Küskün düşən yollar üstən,

Nar bağına rüzgar saldın,

İsti-isti qollar üstən…

Şair bu şeirin lirik məzmununun şərhini obrazla ifadə edir. Şeirin digər gözəlliyi ondadır ki, Ə.Əsgəroğlu lirik qəhrəmanını yüksək bədii zövqlə tərənnüm edir. Şeirin başqa maraqlı cəhətini şair son bənddə diqqətə çatdırır:

Əsgəroğlu, gül aynandı,

Haqq dedim haqqı-saynandı.

Azərbaycan canım mənim

Can evim də Göyçaynandı.

Oxucu üçün mübhəm qalan məqam şairin lirik qəhrəmanının gözəl, yoxsa nar olmasıdır. Məncə ən böyük istedad, bax elə budur!.. Ədalət Əsgəroğlunun bu şeirinin ədəbiyyatımızın poetik inciləri sırasında öz yerini tapacağı şübhəsizdir…

Yenə də Şəmsəddin Məhəmməd Lahıcinin sözlərinə sığınaq: “Təsəvvüf zümrəsinə görə, hissi şeyləri bildirən sözlər əvvəl bunları ifadə etmək üçün predmet olub. Qəlb sahibləri batini yozum vasitəsilə sözlərlə məna arasında oxşarlıq və uzlaşma tapmışlar…

Hər kəs təriqət sirrlərini anlaya bilməz, bunun çoxlu şərtləri vardır, buraya fitri qabiliyyət, kamil mürşidin yol göstərməsi, təriqət sahiblərinin təyin etdiyi süluk mənzillərini keçmək, Allahın bu halları təsdiq etməsi və onların səbatı daxildir…”

Bu yazıda biz də Tanrıdan, Haqqdan yol alıb Tanrıya, Haqqa yol gedən bir Haqq yolçusunun ürək çırpıntılarını dinlədik, ovqatımızı onun poetik ruhunun notlarına köklədik… Yolun işıqlı olsun, Ədalət Əsgəroğlu!..

Xuraman HüSEYNZADƏ

Təzadlar.- 2009.- 16-18 aprel.- S.15.